"AzərSat" 2 ilə peykə çıxarılacaq

Tarix: 29.04.2010 08:52:22       Oxunub: 130
İltimas Məmmədov: "Əsas məqsədimiz ölkədə internet xidmətləri qiymətlərinin endirilməsinə kömək etməkdir"

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə əhəmiyyətli layihələr həyata keşirməkdədir. Bu layihələrdən biri ölkənin ilk rabitə peykinin orbitə çıxarılması ilə bağlıdır. Həmçinin son zamanlar ölkədə simsiz, genişzolaqlı texnologiyaların inkişafı və internet istifadəçilərinin sayının fəal sürətdə artması müşahidə olunur. Bununla bərabər ölkədə fəaliyyət göstərən mobil operatorları 3G texnologiyalarını həyata keçirmək ərəfəsindədir. Bütün bu məsələlərlə bağlı sualları Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov nazirliyin portalına verdiyi müsahibədə cavablandırıb. Biz də ANS PRESS olaraq bu müsahibəni oxucularımıza təqdim edirik.

- İltimas müəllim, bu gün Azərbaycanın həyata keçirdiyi ən aktual layihələrdən biri ölkənin ilk rabitə peykinin orbitə çıxarılması ilə bağlıdır. Bu istiqamətdə hazırkı vəziyyət nə yerdədir?

- Ötən il layihə çərçivəsində tender keçirildi və onun yekunları üzrə peyki istehsal edəcək şirkət müəyyən olundu. Bundan sonra bizim peykimizin istehsalı və orbitə çıxarılması üzrə genişmiqyaslı işlərə dair spesifik məsələləri əks etdirən lazımi sənədlərin hazırlanması istiqamətində olduqca böyük diqqət tələb edən işlərə başlanılıb. Hazırda sözügedən işlər sona yetmə mərhələsindədir və biz ümid edirik ki, iki il ərzində lazımi sənədlər imzalandıqdan sonra peykin orbitə çıxarılması reallaşdırılacaq.

- Azərbaycanda internetin, o cümlədən simsiz texnologiyaların inkişafı barədə nə deyə bilərsiniz?

- Son illər Azərbaycanda internet istifadəçilərinin sayının fəal surətdə artması müşahidə olunur. Əhaliyə internetə çıxış üçün simli və simsiz texnologiyalardan istifadə etmək imkanları təqdim olunur. Eyni zamanda genişzolaqlı qoşulma istifadəçilərinin də sayı artmaqdadır. Lakin biz hesab edirik ki, genişzolaqlı çıxış xidmətlərinin daha geniş yayılmasına nail olmaq lazımdır. Bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin cari ilin aprel ayının sonunda keçirilmiş kollegiya iclasında nazir Əli Abbasov genişzolaqlı internetin inkişafına dair təkliflər paketi hazırlamağı tapşırıb. İnternetə genişzolaqlı çıxış məsələsinə toxunarkən Azərbaycanda bu gün Wi-Max, Wi-Fi, 3G və CDMA texnologiyalarının fəal tətbiq olunduğunu və getdikcə daha çox populyarlıq qazandığını demək olar. Simsiz şəbəkələr kabel kommunikasiyalarının çəkilməsi çətinlik təşkil edən ərazilərdə, eləcə də internetə çıxış üçün mobillilik tələb olunan yerlərdə geniş istifadə olunur. Bu gün Azərbaycanda istənilən istifadəçi tələbat səviyyəsindən, eləcə də maddi imkanından asılı olaraq Şəbəkəyə çıxış üçün bu və ya digər üsulu, eləcə də istifadə etmək istədiyi texnologiyalara əsasən müvafiq provayderin xidmətlərini seçə bilər.

- Yeri gəlmişkən, ölkədə tətbiq olunan internet-xidmətləri üzrə tariflərə münasibətiniz nə cürdür?

- Azərbaycanda internet xidmətlərinə dair qiymətlərin enməsi tendensiyası açıq-aydın müşahidə olunur və bu tendensiya istifadəçi sayının artmasına müsbət təsir göstərir. Həmçinin hesab edirəm ki, məhz bu fakt bazarda istifadəçiyə şəbəkəyə qoşulma paketini seçmək, o cümlədən simsiz texnologiyalardan faydalanmaq imkanı verən bir vəziyyətin formalaşmasına zəmin yaradıb. Ölkədə internetə qoşulmaq üçün müasir texnologiyalar və müxtəlif paketlər təqdim edən kifayət qədər operator fəaliyyət göstərir. Deyə bilərəm ki, ümumilikdə internet xidmətləri üzrə qiymətlər bazar prinsiplərinə uyğun olaraq formalaşır və provayderlər öz tariflərini müstəqil qaydada tənzimləyir. Bu gün RİTN-in əsas məqsədi ölkədə internet xidmətləri qiymətlərinin endirilməsinə kömək etmək və təqdim olunan xidmətlərin keyfiyyətinə nəzarət etməkdir. Bizim araşdırmalarımız göstərir ki, respublikada tətbiq olunan qiymətlər regionda müşahidə olunan qiymətlərlə eynidir, hətta bəzi hallarda bir qədər aşağıdır. Bunun fonunda xidmətlər spektri genişlənməkdədir. Əlbəttə ki, hələ əldə olunacaq çox hədəf var və RİTN bu istiqamətdə öz siyasətini həyata keçirir.

- Daha iki layihəyə toxunaq. Bu artıq həyata keçirilən AzDataCom və elektron hökumətin formalaşmasında böyük əhəmiyyət daşıyan elektron imza layihələdir. Bu istiqamətdə işlər nə yerdədir?

- Qeyd etdiyiniz hər iki layihə dövlət əhəmiyyəti daşıyır. AzDataCom şəbəkəsi bütün ölkə ərazisini optik kabellər vasitəsilə rabitə ilə təmin etmək imkanı yaradacaq ki, bu keyfiyyətli xidmətlə yanaşı həmçinin təqdim olunan xidmətlərin davamlılığı və etibarlığı deməkdir. Şəbəkə artıq istismara verilib, yalnız bir neçə rayon texniki səbəblərdən şəbəkəyə qoşulmayıb. Lakin bu məsələ də may ayının sonuna kimi öz həllini tapacaq. Elektron imzaya gəldikdə isə bu layihə də yekun mərhələsindədir və tezliklə elektron imzanın müxtəlif sahələrdə tətbiqinə başlanacaq.

- Azərbaycanda mobil rabitə operatorlarının təqdim etdiyi xidmətlər və 3G texnologiyası barədədir?

- Bütün dünyada olduğu kimi, Azərbaycanda da mobil rabitə telekommunikasiya bazarının ən dinamik inkişaf edən sahəsidir. Azərbaycanda bu sahədə açıq rəqabət üçün hər bir şərait yaradılıb, bazarda bir neçə operatorun təmsil olunması isə müxtəlif xidmətlərin təqdim olunması və müasir texnologiyaların tətbiqi üçün əlverişli şərait yaradır.
Ötən ilin sonundan ölkədə mövcud mobil rabitə xidmətlərinin sürət və keyfiyyət göstəricilərini artırmaq, eləcə də yeni həllər təqdim etmək imkanı verən 3G texnologiyasının tətbiqinə başlanıb. Operatorlar üçün biznes-planları çərçivəsində yeni mobil rabitə texnologiyaları tətbiq etməyə bütün lazımi qanunverici əsaslar yaradılıb. Düşünürəm ki, müəyyən olunmuş qanunverici proseduraya riayət etməklə operatorlar lazımi lisenziyalar əldə edəcək və öz istifadəçilərini yeni xidmətlərlə sevindirəcəklər.
Çap et     Dosta yolla


Bölüş: Facebook Google Bookmarks MySpace Windows Live Yahoo Bookmarks Yahoo MyWeb Twitter reddit Del.icio.us Digg StumbleUpon Mixx

Şərh yaz

Adınız Soyadınız
E-Mail Adresiniz
XƏBƏRLƏR
Copyright © 2009 AMGport.com
Bütün hüquqları qorunur.
Coded by PHPDC.net 2009