Almaniya polisinin azərbaycanlı aksiyaçını niyə saxladığı məlum olub
Tarix: 26.06.2010 09:27:35
Oxunub: 49
Həbib Abdullayev: “Almaniya polisi mənə Sarkisyanı təhqir etdiyimi bildirdi”Ermənistan prezidenti Serj Sarkisyan Almaniyada "Konrad Adenauer" Fondunda çıxışı zamanı, fondun qarşısında azərbaycanlıların keçirdiyi aksiyaya polisin nə səbəbdən müdaxilə etməsi məlum olub. Bu barədə ANS PRESS-ə məlumat verən aksiya fəalı, Almaniyada yaşayan azərbaycanlı Həbib Abdullayev bildirib ki, həqiqətən də Almaniya polisi aksiyaya müdaxilə edib. Səbəb isə onun səsləndirdiyi şüar olub:
“İyunun 22-də Almaniyada Serj Sarkisyana qarşı azərbaycanlıların keçirtdiyi etiraz aksiyasına qoşulmuşdum. Aksiyanı idarə edənlərdən biri olduğum və "Sarkisyan terorçu, qatil" dediyim üçün polis məni saxladı. Mənə alman qanunlarına görə Sarkisyanı təhqir etdiyimi və bunun qanun pozuntusu olduğunu bildirib protokol yazdılar. Mən də onlara bildirdim ki, qanunvericilikdə bu cür məqamların təsbitindən xəbərim olmayıb, gərək öncədən xəbərdarlıq edərdiniz. Hansı ifadələrin aksiyada səslənməsinin qadağan olduğunu vurğulayardınız. Onlar da qeyd etdilər ki, bu bizim vəzifə borcumuzdur, etməsək media bizi tənqid atəşinə tutar. Mənim prokurorluğa veriləcəyimi bildirdilər və sonra sərbəst buraxdılar. Daha sonra yenidən aksiyaçılara qoşulub etirazımı davam etdirdim. İndi isə prokurorluqdan gələcək məktubu gözləyirəm. Böyük ehtimalla işi bağlayacaqlar. Bağlamasalar, vəkil tutub bu məsələ ilə əlaqədar etirazımı bildirəcək və özümü müdafiə edəcəyəm”.
Xatırladaq ki, bəzi yerli xəbər agentlikləri xəbər vermişdilər ki, guya Almaniya polisi bu aksiyaya “aksiyaçılar arasında terrorçu var” informasiyası əsasında müdaxilə edib və bir neçə nəfəri həbs edib.
Şərh yaz


Çap et
Dosta yolla



























