Natella Kərimova: "Gözübağlı moda arxasınca qaçmağı xoşlamıram"
"Verdiyim sözü yerinə yetirirəm, məsuliyyətli insanam"
Natella Kərimova 1979-cu ildə Gəncədə anadan olub. İlk təhsilini də
orada alıb. 1995-ci ildə Azərbaycan Dillər Universitetinin
“Roman-german filologiyası” fakültəsinə daxil olub. 1996-cı ildə isə
Azərbaycanda ilk dəfə keçirilən “Miss Bakı 1996” gözəllik müsabiqəsində
iştirak edib və “Vitse Miss Bakı” adını qazanıb.
Aysel: Siz ölkəmizdə keçirilən ilk gözəllik müsabiqəsinin iştirakçısı olmusunuz, buna necə qərar verdiniz?
N.K.: Mən hər zaman incəsənətə maraq göstərmişəm. Bu müsabiqəyə
qatılanda mənim məqsədim model olmaq deyildi. Sadəcə bu sahə maraqlı
gəlirdi. Əslində hər zaman kino sahəsində çalışmaq və aparıcı olmaq
istəyirdim. Bu istiqamətdə çalışmağıma isə müsabiqə bir qədər təkan
verdi.
- Müsabiqədə hansı yerə layiq görüldünüz?
-
Müsabiqədə «Vitse Miss Bakı» adını qazandım. Daha sonra “Miss
Millenium”, 2001-ci ildə isə Bakı-Tiflis-Ceyhan layihəsi çərçivəsində
keçirilən gözəllik müsabiqəsində Azərbaycan və Gürcüstan gözəlləri
arasında “Miss Turizm Azərbaycan ” adına layiq görülmüşəm. Birinci yer
belə adlanırdı. Sonradan «Miss turizm of globe» adlı beynəlxalq
müsabiqədə iştirak etsəm də yer tuta bilmədim.
- Gözəllik müsabiqəsi həyatınızı hansı istiqmətdə dəyişdi? Yəni qarşınızda nə kimi imkanlar açıldı?
- Deməzdim ki, mühüm şəkildə nə isə dəyişdi. Düzdür, müəyyən qədər
imkanlar açıldı. Aparıcılıq etməyə başladım, reklamlara çəkildim. Ancaq
mən hələ Gəncədə olarkən də "Kəpəz" televiziyasında aparıcılıq
etmişdim. Ən əsası müsabiqə tanınmağıma şərait yarandı.
-
Xarici ölkələrin modellərinə nəzər saldıqda, görürük ki, onların
xoşbəxt ailə həyatı var, ərə gedirlər, bəs bizdə bu niyə alınmır?
- Alınır və ya alınmır söhbəti düzgün deyil. Ailə qurmaq, alınıb-alınmamaq hər kəsin özündən asılıdır.
- Niyə modellərə münasibət yaxşı deyil?
- Tək modellərə yox, ümumiyyətlə gündəmdə, üzdə olan insanlara
münasibət birmənalı deyil. Əlbəttə hər zaman qaydada olanlara paxıllıq
edirlər. Bu da həmişə söz-söhbət yaradır.
- Ailə həyatınız haqqında nə deyə bilərsiz? Sevib ailə qurmusunuz?
- Bu haqqda danışmaq istəmirəm. Amma deyə bilərəm ki, 4 ildir evliyəm
və 3 yaşlı bir oğlum var. Çalışıram ki, oğlum yaxşı tərbiyə alsın,
artıq 15 paytaxt adı bilir. İnsan öyrəndiklərinin 50 faizini 3 yaşına
qədər, qalan hissəni isə sonra öyrənir. Ona görə də çalışıram ki, onu
lazımi qədər öyrədim.
- Hazırda nə işlə məşğulsunuz, pulunuzu necə qazanırsınız?
- Özümün model agentliyim var. 2003-cü ildə «İpək yolu» adlı agentlik
açdım. Bundan əlavə bəzən kinolarda epizodik rollara da çəkilirəm. Amma
əsas işim əlbəttə ki, model agentliyi ilə bağlıdır.
- Bir çox modellərdən fərqli olaraq ali təhsiliniz var. Niyə öz peşənizlə məşğul deyilsiniz?
- Həmişə arzum olub ki, fransız dilini öyrənim və jurnalist kimi
fəaliyyət göstərim. Amma elə oldu ki, ingilis dilini öyrəndim və
Azərbaycan Dillər Universitetinin Roman-german filologiyası fakültəsinə
daxil oldum. Mən deyərdim ki, həm incəsənətə, həm də elmə həvəsliyəm.
Arzum gələcəkdə özümü elm sahəsində inkişaf etdirməkdir, hətta elmi iş
müdafiə etmək belə istəyirəm.
- Uzun müddət telekanallarda aparıcılıq etdiniz. Bəs niyə bu fəaliyyətiniz yarımçıq qaldı?
- Deməzdim ki, uzun müddət hansısa kanala bağlı olmuşam. Mən
ümümiyyətlə iş mühitində sərbəstliyi xoşlayıram. Neçə saata kimi işdə
oturum, bu mənlik deyil. Həm də əsasən prodakşnlarla işləyirdim. Bir
müddət "SOY" prodakşnda çalışdım. Əsasən tədbirlərdə aparıcılıq edirəm.
Məsələn, iqtisadiyyat və biznes sahəsində “Uğur Milli mükafatı”, “İlin
kompaniyası”, internet sahəsində “NET milli mükafatı” adlı mükafatların
təqdimat mərasimlərini həmişə mən aparmışam.
- Tez-tez
eşidirik ki, hansısa dünyaşöhrətli model ana olandan 30 gün keçməmiş
ideal formasına qayıdaraq podiuma çıxıb. Sizdə vəziyyət necədir?
-
Əslində həmin modellər uşağa baxmırlar, ana südü vermirlər, ona görə də
belə tez formaya qayıdırlar. Mənsə düz 2 yaş yarıma qədər oğluma süd
vermişəm. Çünki əsas övladımdır. Ancaq buna baxmayaraq özümü formada
saxlamağa da çalışmışam.
- Bədən formanızı necə qoruyursunuz: pəhriz, idman edirmisiniz?
- Xeyr, bunlar mənlik deyil. Daha çox aparat kosmetologiyasına üstünlük
verirəm. Bir də ən əsası yoqa, daha doğrusu kalanetika ilə (baletlə
yoqanın sintezi ilə) məşğul oluram. Ən çox da sağlam həyat tərzinə
üstünlük verirəm. Bundan əlavə dərimə hər zaman vaxtı -vaxtında qulluq
edirəm.
- Model biznesi dünyada ən gəlirli sahədəndir. Bəs Azərbaycan model biznesi sahəsində hansı dəyişiklikləri istərdiniz?
- Əlbəttə inanıram ki, bizdə də model biznesi inkişaf edəcək. İstərdim
ki, geyim industriyası inkişaf etsin, yeni brendlər yaransın.
- Bir az geyim üslubunuzdan bəhs edin.
- Konkret geyim üslubum yoxdur. Düzdür klassik üslubu xoşlayıram. Amma
gözübağlı moda arxasınca qaçmağı xoşlamıram. Mənə nə yaraşırsa, onu
geyinirəm.
- Özünüzdə hansı keyfiyyəti bəyənirsiniz?
- Verdiyim sözü yerinə yetirirəm, məsuliyyətli insanam.
- Onda bəyənmədiyiniz keyfiyyətlər hansılardır.
- Tənbəllik, gecikmək, yuxudan gec durmaq...Bir işi o qədər uzadıram ki, ancaq son məqamda sıxışanda sona çatdırıram.
- Nə kimi maraqlarınız var?
- Futbolu çox sevirəm. Bu dəqiqə aktual olan dünya çempionatını maraqla
izləyirəm. Konkret fanatı olduğum komanda yoxdur, ancaq yığmalara
pərəstiş edirəm.
Şərh yaz


Çap et
Dosta yolla



























