Barak Obama: “Türkiyə Avropa Birliyinə qəbul edilməlidir”
ABŞ prezidenti bu prosesin ləngiməsinin əleyhinə çıxıb
“Türklər özlərini Avropa ailəsinin bir parçası kimi hiss edirlər. Ancaq
hələ də Avropa Birliyinə qəbul ola bilməyiblər. Belə olan halda ittifaq
və birlik məqsədi ilə başqa tərəflərə baxmaqları başadüşüləndir.
Fikrimcə, Türkiyə Avropa Birliyinə tam olaraq üzv qəbul edilməlidir”.
İtaliyanın “Corriere della Sera” qəzetinə Ağ evdə müsahibə verən ABŞ
prezidenti Barak Obama belə deyib.
Qəzetin ənməkdaşı Paolo
Valentino isə iddia edib ki, Türkiyə son vaxtlar İsraillə yaşadığı
sıxıntılardan və BMT-də İrana qarşı qəbul edilən sanksiyaların əleyhinə
səs verdikdən sonra Qərb tərəfindən qəbuledilməz bir ölkə olub. Obama
isə “Türkiyə Qərblə Şərqin kəsişmə nöqtəsində yerləşən, strateji
baxımdan son dərəcə önəmli olan bir ölkədir” deyə cavab verib.
ABŞ prezidenti əlavə edib: “Türkiyə NATO-nun müttəfiqidir. İqtisadi
yöndə böyük sıçrayışlar əldə edib. Xalqın çox hissəsi müsəlman olmaqla
bərabər, Türkiyə demokratik bir ölkədir və bu mənada bölgədəki digər
müsəlman ölkələrinə örnəkdir. Bu səbəblə Ankara ilə münasibətlərin çox
önəmli olduğunu qəbul edirik. Biz Avropa Birliyinin üzvü olmasaq da,
başlanğıcdan Türkiyənin bu birliyə qəbul edilməsinin vacib olduğunu
dedik. Üzv olma məsələsinin Avropada güclü müqavimətlə qarşılandığını
bilirəm. Bunun yaxın keçmişdə Türkiyədə baş verən hakimiyyət
dəyişiklikləri və ya bu ölkədəki demokratiyanın özəlliyi ilə əlaqəli
olmasına inanmıram. Mənim fikrimcə, bu gün Türkiyədə müşahidə etdiyimiz
bir demokratik mübarizədir. Bununla belə, Türkiyənin Avropa Birliyinə
üzv qəbul edilməsi vacibdir. Bu istər-istəməz türk insanının da
Avropanı necə görməsinə təsir edəcək. Özlərini Avropa ailəsinin parçası
hiss etmədikləri bir durumda ittifaq və ya birlik üçün başqa yerlərə
baxmaları anlaşılandır”.
Şərh yaz


Çap et
Dosta yolla



























